Ulu Öndərin 100 illiyi münasibətilə Məhkəmə Ekspertizası Mərkəzində
Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ədliyyə
Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində "açıq qapı" günü keçirilib.
Tədbirdə Bakı
Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, İqtisad Universiteti,
Memarlıq və İnşaat Universitetinin tələbələri, Polis Akademiyasının
kursantları, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Mərkəzin rəis
müavini Hüseyn Əlixanov giriş sözü ilə çıxış edərək ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Qeyri-hökumət təşkilatlarının təmsilçiləri Ümummilli Liderin vətəndaş cəmiyyətinin
təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində
böyük rolunu qeyd edərək Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu
konsepsiyasının ölkədə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının
formalaşmasına geniş imkanlar yaratdığını bildiriblər.
Sonra məhkəmə
ekspertizası fəaliyyətinin yaranması tarixi, müasir ekspertizanın
formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu, ölkə Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin
fəaliyyətinin müasirləşdirilməsi üzrə görülən tədbirlər və yeniliklər barədə tələbələrə
məlumat verilib, ekspertiza fəaliyyətinin aktual məsələləri üzrə müzakirələr
aparılaraq onları maraqlandıran suallar cavablandırılıb.
“Açıq qapı” günündə vətəndaş cəmiyyətinin nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri Mərkəzin fəaliyyəti, müasir kriminalistik avadanlıqlar və laboratoriyalarla əyani tanış olublar.
2023-05-01