Qadın məhkumlar üçün “Novruz çələngi” adlı xeyriyyə konserti keçirilib
Cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar
üçün ötən il martında Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələr
istifadəyə verilib. Dövlətimizin başçısı cənab İlham Əliyev insan haqlarının, o
cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verərək həmin müəssisələrə
baş çəkib və yaradılan müasir şəraitlə yerində tanış olub.
Görülən tədbirlər
məhkumların səmərəli islahına və cəmiyyətə reinteqrasiyasına xidmət etməklə
Ədliyyə Nazirliyi tərəfindən bu sahədə ardıcıl işlər görülür, aidiyyəti
qurumların və vətəndaş cəmiyyəti institutları ilə birgə kütləvi-mədəni və maarifləndirici
tədbirlər təşkil olunur.
Xalqımızın
sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində Ədliyyə Nazirliyinin,
Hüquq və İnsan Haqları İnstitutunun və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı
ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Novruz çələngi”
xeyriyyə konserti keçirilib.
Tədbirdə təşkilatçı
qurumların məsul rəhbər şəxsləri, Ombudsman Aparatının, Sosial Xidmətlər
Agentliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təmsilçiləri,
vəkillər, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin və beynəlxalq təşkilatların
nümayəndələri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş
cəmiyyəti institutları, media mənsubları iştirak ediblər.
Tədbirin keçirilməsində
məqsəd cəmiyyətin diqqətini qadın hüquqlarına yönəldilməsi və qadın məhkumların
bacarıqlarını nümayiş etdirməklə onların sosial adaptasiyasına şərait
yaratmaqdır.
Müəssisədə əvvəlcə
Novruz şənliyi təşkil olunub, bayramın əsas personajları olan Kosa və Keçəl
iştirakçıları milli mahnı sədaları ilə qarşılayıb, yumurta döyüşdürüblər.
Sonra müəssisənin
özfəaliyyət dərnəyinin iştirakı ilə keçirilən konsertdə qadın məhkumların
ifasında mahnılar dinlənilib, milli geyimdə rəqslər edilib.
Xeyriyyə konserti
çərçivəsində məhkumların öz bacarıq və istedadlarını nümayiş etdirmələri üçün
onların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
Bilet və əl işləri
satışlarından əldə edilən gəlirlər məhkumların həvəsləndirilməsinə, onların istəklərinə
uyğun lazımi məhsullarla təmin olunmasına ayrılıb. Həmçinin qadın məhkumlara hədiyyələr
təqdim olunub.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qadın məhkumlara yaradılan hər cür şəraiti, onların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyası üzrə tədbirləri yüksək qiymətləndiriblər.
2023-03-16