Probasiya qeydiyyatında olan yeniyetmə məhkumlar üçün təlim keçirilib
Ədliyyə Nazirliyi ilə Hüquq və İnsan Haqları İnstitutu arasında səmərəli əməkdaşlıq
edilərək yetkinlik yaşına çatmayan məhkumların cəmiyyətə reinteqrasiyası məqsədilə
birgə maarifləndirici təlimlər keçirilir.
Davam edən tədbirlər
çərçivəsində nazirliyin Probasiya xidmətinin qeydiyyatında olan yeniyetmə məhkumlar
üçün üçgünlük təlim təşkil olunub.
2023-cü ilin
xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
“Heydər Əliyev İli” elan olunması nəzərə alınaraq təlimdə ilk olaraq “Heydər
Əliyev və Azərbaycanda insan hüquqları islahatları”, “Əfv, amnistiya və
vaxtından əvvəl azad olunma” mövzuları tədris olunub. Həmçinin “Uşaq
hüquqları”, “Əmək bazarı ilə tanışlıq, işaxtarma vasitələri və karyera seçimi”,
“Xaricdə təhsil imkanları” mövzusunda mühazirələr dinlənilib. Təlimçi qismində
çıxış edən İnstitutun məsul işçiləri tərəfindən mövzular üzrə təqdimatlar
edilib, maraqlı diskussiyalar aparılıb.
Təlimin yekununda
iştirak edən nazirliyin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur
Sabitova, Probasiya Xidmətinin rəisi Akşin Ziyadov, Hüquq və İnsan Haqları
İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Heydər Əliyev İli”ndə təşkil
olunan təlimdə xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan Ulu
Öndərin insan hüquqlarının etibarlı təminatına xidmət edən islahatların
aparılmasında müstəsna roluna, humanizm ideyalarına və bu siyasətin təzahürü
olaraq əfv və amnistiya institutlarının davamlı tətbiqinə həsr olunan
mövzuların tədrisinin əhəmiyyətini xüsusilə qeyd ediblər.
Bildirilib ki, bu
və digər mühüm mövzularda maarifləndirici təlimlərin davamlı təşkili yetkinlik
yaşına çatmayan məhkumların sosial adaptasiyasına və gələcəkdə layiqli vətəndaş
olmalarına xidmət edir.
Sonda yeniyetmələrə sertifikatlar təqdim edilib.
2023-02-20