Probasiya qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib
8 mart - Beynəlxalq
Qadınlar Günü ərəfəsində Ədliyyə Nazirliyinin və Vəkillər Kollegiyasının birgə
təşkilatçılığı ilə Probasiya xidmətinin qeydiyyatında olan qadın məhkumlarla
görüş keçirilib.
Tədbirdə Vəkillər
Kollegiyasının rəhbərliyi, Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçiləri, Qadın
Vəkillər Alyansı, hüquq müdafiəçiləri, eləcə də şərti məhkum edilmiş və cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş, azadlığın məhdudlaşdırılması cəzasına
məhkum olunmuş qadınlar iştirak ediblər.
Tədbirdə 2023-cü
ilin Ümummilli Liderin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan
olunması ilə əlamətdar olduğu bildirilib, Ulu Öndərin xalqımız və dövlətimiz
qarşısında xidmətlərindən, humanizm siyasətindən bəhs olunub, bu siyasətin təzahürü
olaraq ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlərdən
danışılıb.
Vəkillər
Kollegiyasının sədri Anar Bağırov bu sahədə görülən tədbirlərin məhkəmə-hüquq
sistemində aparılan islahatların mühüm tərkib hissəsi olduğunu bildirib: “Bu
sahədə probasiya institutunun yaradılması, zənnimcə, cəmiyyətdən təcrid etmədən
alternativ cəzaların təyin edilməsində mühüm mexanizmdir. Məlumdur ki, bu gün
ölkəmizdə fəaliyyət göstərən probasiya xidmətində mütərəqqi üsullardan istifadə
olunur. Eyni zamanda şadam ki, Ədliyyə Nazirliyi bu gün ictimaiyyətin rəyinə
yüksək qiymət verir, cəmiyyətlə fəal şəkildə işləyir. Hesab edirəm ki, Ədliyyə
Nazirliyinin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı digər dövlət qurumları və
qeyri-hökumət təşkilatları üçün bir örnəkdir”.
Vəkillərin əsas vəzifəsinin
insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə
çatdıran sədr vəkillərin məhkum qadınların qarşılaşdıqları hüquqi problemlərin
həlli istiqamətində çalışacağına əminliyini ifadə edib. Sədr çıxışının sonunda
xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək
işlərində uğurlar arzulayıb.
Ədliyyə Nazirliyi
İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək
bildirib ki, cəmiyyətimizin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin
olunması, onların səmərəli islahı və reinteqrasiyası sahəsində Ədliyyə
Nazirliyi tərəfindən Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlıq edilir, məhkumlara
mütəmadi ödənişsiz hüquqi yardım aksiyaları və digər birgə tədbirlər təşkil
olunur.
Nazirliyin
Probasiya Xidmətinin rəisi – Baş probasiya məmuru Akşin Ziyadov, hüquq müdafiəçisi
Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı tədbirin məhkumların
hüquqlarının qorunması, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsi və
hüquqi maarifləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Tədbirdə qadın məhkumları
maraqlandıran suallar cavablandırılıb.
Sonda vəkillər tərəfindən qadın məhkumlara ödənişsiz hüquqi yardım göstərilib, şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub.
2023-03-06