Məhkəmə-hüquq islahatlarında ulu öndər Heydər Əliyev dühası
Azərbaycan Respublikası Ali Məhkəməsi - 100
Ümummilli lider
Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı çoxşaxəli tədbirlər müəyyən
edilərək həyata keçirilir.
Müasir müstəqil
dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında
xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər
əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır.
Əlamətdar haldır
ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi “Heydər Əliyev İli”ndə
qeyd olunur. Bu münasibətlə Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzində
çoxsaylı xarici dövlətlərdən olan mötəbər qonaqların iştirakı ilə beynəlxalq
konfrans keçirilmiş, Ali Məhkəmənin tarixi inkişaf yoluna, Ulu Öndərin bu sahədə
müstəsna xidmətlərinə nəzər salınmışdır.
Ümummilli Liderin
"tariximizin hər səhifəsi bizim üçün əzizdir" fikrinə sadiq qalaraq məhkəmə
sistemimizin inkişafı yolunda bəzi mühüm məsələlərə diqqət yetirmək istərdik.
Hələ qədim dövrlərdə
Azərbaycanda yaranmış dövlətlərdə məhkəmələrin fəaliyyətində müstəqillik, tərəflərin
bərabərliyi və çəkişmə kimi mühüm prinsiplərin elementləri, xüsusilə də çoxpilləlilik
institutu mövcud olmuşdur.
Eyni zamanda
hakimlər üçün tələblərə, onların təminatına xüsusi əhəmiyyət verilmişdir.
Orta əsrlərdə
«Qazan xan islahatları» kimi məşhurlaşan hüquq islahatı Azərbaycanda məhkəmələrin
müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə
baxılarkən ədalətin gözlənilməsinə yönəlmişdi.
1918-ci ildə müsəlman
Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində
demokratik hüquq sisteminin formalaşması, mütərəqqi məhkəmə islahatının aparılması
üçün önəmli addımlar atılmış, lakin təəssüf ki, ölkənin işğalı bu taleyüklü işlərin
başa çatdırılmasına, ali məhkəmə orqanının yaradılmasına imkan verməmişdi.
Və düz 100 il əvvəl
məhz 13 fevral tarixində Azərbaycanda ali məhkəmə orqanı yaradılmışdır.
Sovet hakimiyyəti
illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti
ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi
dövrünə təsadüf edir.
Ədalət,
qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev
«ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas
meyar saydı.
Cinayətkarlığa,
korrupsiyaya qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək
barışmaz münasibət göstərdi, vətəndaş məmnunluğunu təmin etdi.
Ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi öndər Heydər
Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu. Ümummilli Lider hüquqi
islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat
Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və qısa müddətdə yeni
müasir qanunlar və məcəllələr qəbul olundu. Ulu Öndərin dühası ilə yeni üçpilləli
müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə bərqərar
olunaraq fəaliyyətə başladı.
Məhkəmələrə insan
haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan
postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə
verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən
oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək şərqdə ilk dəfə olaraq ölüm
cəzası ləğv olundu.
Həmçinin, Ali Məhkəmə
demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun
sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və
prosesdə vəkilin mütləq iştirakı təsbit olundu.
Dövlətçilik
tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu
ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı. Əvvəlki hakim korpusu 60% təzələndi.
Bundan dərhal sonra ABŞ-da olarkən ümummilli lider "Azərbaycan Avrasiyanın
qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" mövzusunda keçirilmiş
beynəlxalq konfransda demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini
tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq.
Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi,
o da hakim təyin olundu".
Ulu Öndərin
siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi
ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə
əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə
nüfuzunun yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar vermiş, bu istiqamətdə mütərəqqi
islahatlara başlanılmışdır.
Dövlət başçısının
Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın
iştirakçılarına müraciətində qeyd etdiyi kimi, “məhkəmə-hüquq sisteminin
davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə
hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi,
məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin
və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun
yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi
yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir”.
Bununla bağlı ötən
dövrdə aparılmış islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə fəaliyyətini
tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla
demək olar ki, hər il təkmilləşdirilmiş, yeni qanunlar qəbul edilmişdir.
Mühüm
institusional tədbirlər görülərək məhkəmə hakimiyyətinin müstəqil özünüidarə
orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin, Hakimlərin Seçki Komitəsi
yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi
və şəffaf seçimi Qaydası müəyyən olunmuşdur.
Eyni zamanda məhkəmə
hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılmış, onun fəaliyyətinə
müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri
müəyyən edilmiş, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması,
habelə hakimlərin əmək haqqının azaldılmasının qanunla qadağan olunması təsbit
edilmiş, digər tədbirlər görülmüşdür.
Həmçinin, vətəndaşların
ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş
və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri,
inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya
Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə
üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə
verilmişdir.
Bu məhkəmələrin əksəriyyətinin
ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə
dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.
Eyni zamanda məhkəmələrə
əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə
məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi
andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron
məhkəmə" informasiya sistemi yaradılmışdır.
Artıq məhkəmələrin
80%-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini
əhatə etməsi nəzərdə tutulur.
Qeyd olunmalıdır
ki, məhkəmə islahatlarımız beynəlxalq aləmdə də təqdir olunur. Ölkəmiz bu sahədə
nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi"
mükafatına layiq görülmüş, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə
sisteminin müasirləşdirilməsi üzrə layihələrimiz ən uğurlu layihələr kimi müxtəlif
nominasiyalarının qalibi olmuşdur. Öz şəffaflığı ilə fərqlənən hakimlərin
seçimi prosedurumuz isə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi
dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilmişdir.
Məhkəmə fəaliyyəti
ilə bağlı bütün məsələlərin tənzimlənməsində Azərbaycan Ali Məhkəməsi fəal
iştirak edir.
Belə ki, Ali Məhkəmənin
sədri, habelə məhkəmənin 2 hakimi Məhkəmə-Hüquq Şurasının, daha 2 hakimi isə
Hakimlərin Seçki Komitəsinin üzvü olmaqla bu sahədə qərarların qəbulunda
birbaşa iştirak edirlər.
Bununla yanaşı
hakimlərin məsuliyyət hissinin artırılmasında Ali Məhkəmə mühüm rola malik
olmaqla məhkəmə səhvlərinin profilaktikasında prinsipial və təsirli mövqe göstərir,
kobud pozuntulara qarşı intizam icraatını təşviq edir, digər tədbirlər görür.
Məhkəmə
islahatları daim davam edən prosesdir. Ali Məhkəmənin binasının təməlinin
qoyulması mərasimində möhtərəm cənab Prezident demişdir ki, bu islahatların əvvəli
var, amma sonu yoxdur.
Bununla əlaqədar dövlət
başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanla məhkəmə islahatlarımız
müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçmişdir.
Fərmanın icrası üzrə
qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində
13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri
yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır.
Məhkəmə icraatı zamanı
çevikliyin təmin edilməsi, işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin
keyfiyyətinin yüksəldilməsi ilə bağlı Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər
edilmişdir. Həmçinin, sadələşdirilmiş və yazılı icraat genişləndirilmiş, proseslərdə
video-konfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası
tətbiq olunmuşdur.
Cəza siyasətinin humanistləşdirilməsi
üzrə tədbirlər görülmüş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində
bir çox əməllər dekriminallaşdırılmış, bəzi cəzalar yüngülləşdirilmişdir.
Hüquqi məsələlərin
həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin
formalaşdırılması üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir. Bununla əlaqədar
yol verilən sistem xarakterli nöqsanların müəyyən edilməsi üçün Ali Məhkəmənin monitorinqlər
aparmasına dair ayrıca Qaydalar qəbul olunmuş, digər zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda Fərmana
uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf
qiymətləndirmə Qaydaları müəyyən edilmişdir. Bu prosesdə Ali Məhkəmə əhəmiyyətli
rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər
verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə
prosesində bilavasitə və fəal iştirak edirlər.
Fərmanla həmçinin,
hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılmış, bu ştatların tezliklə
komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq
123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilmişlər. Onların yarıya
qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır.
Bu isə daha təcrübəli
hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə son dövrlər ərzində Ali
Məhkəmənin tərkibi 70% təzələnmişdir.
Bu gün əsas vəzifələrimizdən
biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda
təmin etməkdir.
İşğal dönəmində
büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə
infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz
respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti
Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir.
Həmin bölgədə
infrastruktur bərpa olunaraq soydaşlarımızın öz torpaqlarına qayıtması ilə yeni
yaradılan məhkəmə və ədliyyə qurumlarımızın da fəaliyyəti təmin olunacaqdır.
Fürsətdən istifadə
edərək Ali Məhkəmənin kollektivini 100 illik yubiley və yüksək dövlət təltiflərinə
layiq görülmələri münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar
arzulayıram.
Fikrət Məmmədov,
Azərbaycan
Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq
Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri
2023-02-14