Mediatorların baza təlim kurslarına start verilib - Nadir Adilovdan AÇIQLAMA
1 may 2023-cü il
tarixində mediasiya təlim qurumu olan Ədliyyə Akademiyasında növbəti baza təlim
kurslarına start verilib. Kursda 3 qrup olmaqla, 37 nəfər namizəd iştirak edir.
Baza kurslarını uğurla başa vuran mediatorların növbəti mərhələdə ailə və əmək
mediasiyası ilə bağlı kursları da bitirməsi bu işlərə baxmağı təmin etmək məqsədi
ilə zəruridir.
Bu barədə BAKU.news_old-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat
verib.
“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim
Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq,
kurslar 15 nəfərdən artıq olmayan qruplarda keçiriləcək. Namizədlər təlimdə nəzəri
biliklərlə yanaşı, imitasiya, rol oyunlarından ibarət praktiki biliklərə də yiyələnəcəklər.
Təlimləri hər qrupda ko-təlimçilər olmaqla, mediasiya təlimçiləri və praktiki
mediatorlar aparacaqlar.
Kursların sonunda isə əvvəlcədən formalaşdırılmış İmtahan Komissiyası tərəfindən
namizədlərin nəzəri və praktiki bilikləri yoxlanılacaqdır.
Baza təlimlərinin açılışında Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov açılış nitqi ilə çıxış edərək,
gələcəkdə mediator olmaq istəyənlərə uğurlar arzu ediblər.
Sevinc Kərimova
2023-05-02