Mediatorlar üçün ixtisasartırma kurslarına start verildi
Hər bir sahədə olduğu kimi,
mediasiya sahəsində çalışan mütəxəssislərin öz biliklərini daima artırması,
yenilənməsi vacibdir. Mediatorlar yüksək kvalifikasiya əldə etmək üçün mediatorun
əsas vəzifələrindən biri olaraq, iki ildə bir dəfədən az olmayaraq təşkil olunan
ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat əldə etməlidirlər.
Bu barədə BAKU.news_old-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir
Adilov məlumat verib.
O qeyd edib ki, “Mediasiya haqqında” Qanuna və “Mediatorların hazırlığı və
ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2019-cu il tarixli, 383
nömrəli Qərarına əsasən, hər bir mediatorun 32 saatlıq ixtisasartırma
kurslarında iştirak etməsi mütləqdir. Həmin Qərara əsasən, mediatorların hazırlığı,
ixtisaslaşmış ailə və əmək mediasiyası təlimləri və istehlakçıların
hüquqlarının müdafiəsi sahəsində mediatorların ixtisaslarının artırılması
kursları ilə yanaşı, mediatorların hər birinin həmçinin 32 saatlıq
ixtisasartırma kursları keçməsi tələb olunur.
N. Adilov bildirib ki, mediator kimi fəaliyyətini davam etdirmək niyyətində
olan, Mediasiya Şurasının üzvləri olan mediatorlar ixtisasartırma kurslarında
iştirak üçün İdarə Heyətinin sədri adına ərizə ilə müraciət ediblər və bu o deməkdir
ki, Qanunun da tələbi ilə bu şəxslər mediator kimi fəaliyyətini davam etdirmək
niyyətini ortaya qoyub və bu kursları bitirməklə, gələcəkdə fəaliyyətini davam
etdirmək istəklərini ifadə ediblər. Onun sözlərinə görə, bu günədək bu kurslara
müraciət edən 29 nəfər mediatorun hamısı Mediasiya Şurasından Ədliyyə
Akademiyasına ünvanlanan rəsmi göndəriş əsasında ixtisasartırma kurslarına cəlb
ediliblər.
N. Adilov onu da qeyd edib ki, “Mediasiya haqqında” Qanunun 12.2.2-ci maddəsinə
uyğun olaraq, mediatorun ixtisasartırma kursunu müvafiq qaydada keçməməsi
müvafiq qərarla Mediasiya Şurasının üzvlüyündən çıxarılması üçün əsasdır. Bu
kurslarda iştirak etməmək Qanunvericilikdə nəzərdə tutulduğu kimi, mediatorun
Mediasiya Şurasının üzvlüyündən xaric olması və mediator fəaliyyətinə xitam
verilməsi ilə nəticələnir. Ona görə də ixtisasartırma kursunu müvafiq qaydada
keçməyən mediatorlar Qanunvericiliyin tələblərinə uyğun olaraq, Mediasiya
Şurasının üzvlüyündən xaric ediləcək və barələrində müvafiq qərarlar veriləcəkdir.
Nadir Adilovun sözlərinə görə, Kursları bitirənlərə Mediasiya Şurası və Ədliyyə
Akademiyası tərəfindən müvafiq sertifikatlar təqdim ediləcək. O qeyd edib ki,
“Biz mütəmadi olaraq bütün mediatorların təmsil olunduğu qruplara, əlaqə vasitələrinə
bu barədə məlumat vermişik, eyni zamanda KİV vasitəsi ilə də bu məsələləri
ictimai diqqətdə saxlayırıq.
Sevinc Kərimova
2023-05-02