Azərbaycan qlobal antikorrupsiya mübarizəsində fəal iştirak edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə
korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa
mühüm əhəmiyyət verilir. Dövlətimiz dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq
Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri
olmaqla onun işində fəal iştirak edir və rəhbərliyində təmsil olunur.
IAACA-nın iqamətgahının
yerləşdiyi Honq-Konqda 25-27 aprel tarixlərində Assosiasiyanın tədbirləri
keçirilir. Tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycanın ədliyyə naziri,
Assosiasiyanın vitse-prezidenti, eyni zamanda Şərqi Avropa regionu üzrə
koordinatoru Fikrət Məmmədov Honq-Konqa səfər edib.
Səfər zamanı
IAACA-nın Prezidentinin, ölkəmizin ədliyyə nazirinin və digər rəsmi şəxslərin
iştirakı ilə Assosiasiyanın yeni ofisinin təntənəli açılışı həyata keçirilib, rəmzi
açılışı bildirən lent kəsilib, bina ilə tanışlıq olub.
Sonra yeni ofisdə
IAACA-nın rəhbər orqanı – İcraiyyə Komitəsinin iclası keçirilərək
Assosiasiyanın korrupsiya ilə qlobal mübarizədə fəaliyyəti və gələcək
perspektivləri, habelə təşkilati məsələlər müzakirə olunub, vitse-prezidentlərin
məsul olduğu regionlar üzrə beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsi
ilə bağlı gördüyü koordinasiya işlərinə dair məruzələr dinlənilib.
Ədliyyə naziri
çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq
korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən, ölkəmizin beynəlxalq
antikorrupsiya fəaliyyətində aktiv iştirakından bəhs edib.
F.Məmmədov
Assosiasiya tərəfindən korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin gücləndirilməsi
və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış regional
koordinasiya mexanizminin səmərəsini qeyd edib, Azərbaycanın təşəbbüsü ilə qısa
müddətdə Şərqi Avropa regionu ölkələrinin böyük əksəriyyətinin IAACA-nın işinə
cəlb olunduğunu vurğulayıb.
Bildirib ki, Şərqi
Avropa dövlətlərinin antikorrupsiya qurumları və regionda fəaliyyət göstərən
beynəlxalq antikorrupsiya şəbəkələri ilə əməkdaşlıq edilir, korrupsiyaya qarşı
mübarizə üzrə təcrübə mübadiləsinə dəstək göstərilir, bu məqsədlə birgə
treninqlər, beynəlxalq seminarlar təşkil olunur, digər tədbirlər həyata
keçirilir.
Həmçinin təşkilatın
inkişafına dair irəli sürülmüş təkliflər məmnunluqla qəbul olunub.
İclasda Azərbaycanın
beynəlxalq antikorrupsiya mübarizəsinə, o cümlədən bu sahədə IAACA-nın səmərəli
fəaliyyətinin dünyada geniş təşviqinə və beynəlxalq əlaqələrinin genişləndirilməsi
işinə dəyərli töhfələri təqdir olunaraq həyata keçirdiyi tədbirlərə böyük maraq
göstərilib.
Tədbir çərçivəsində
həmçinin, müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə
antikorrupsiya sahəsində əməkdaşlığa dair faydalı danışıqlar aparılıb.
Səfər zamanı bir sıra digər rəsmi görüşlərin keçirilməsi və məhkəmə-hüquq sistemi ilə tanışlıq nəzərdə tutulur.
2023-04-26