Azərbaycan məhkəmələrin səmərəlilik göstəricilərinə görə bir çox inkişaf etmiş Avropa dövlətlərini qabaqlayıb
Məhkəmə-Hüquq Şurasının məlumatı
Məhkəmə-Hüquq
Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Şuranın sədri, ədliyyə
naziri Fikrət Məmmədov çıxış edərək müstəqil dövlətimizin banisi, bu il 100
illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət inkişafı
kursunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilərək respublikamızın hərtərəfli davamlı tərəqqisini
qeyd edib, Ulu Öndərin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın Vətən
müharibəsində şanlı qələbəmizlə azad olunaraq sürətli bərpasını vurğulayıb.
Bildirib ki, dövlətimizin
başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
müntəzəm səfərlər edilərək doğma Qarabağımızda və Şərqi Zəngəzurda ölkəmizin öz
gücü hesabına nəhəng infrastruktur layihələr reallaşdırılır, tarixi, dini və mədəni
abidələrimiz bərpa olunur və artıq soydaşlarımız öz əzəli yurdlarına
qayıdırlar. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş
etdirir.
İclasda məhkəmə-hüquq
sisteminin dövlətimizlə bərabər inkişaf etdiyi, dahi öndər tərəfindən aparılan
köklü islahatlar nəticəsində Azərbaycanda məhkəmə sisteminin demokratik
prinsiplər əsasında yaradıldığı vurğulanıb. Cənab Prezident İlham Əliyevin dövlət
siyasətinin prioritetlərindən biri olan məhkəmə-hüquq sisteminin davamlı
inkişafına daim xüsusi önəm verdiyi, məhkəmə hakimiyyətinin müstəqilliyinin
möhkəmləndirilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət
mühakiməsinin səmərəliliyinin artırılması, yüksək hüquqi biliklərə malik hakim
korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının
tətbiqi yolu ilə təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlərin görüldüyü
qeyd olunub.
Bu sahədə mühüm
“yol xəritəsi” olan və beynəlxalq ekspertlər tərəfindən olduqca yüksək dəyərləndirilən
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə
Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı görülən əməli
işlərə toxunulub.
Qeyd olunub ki,
ötən müddətdə cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə icraatında
çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət
mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul
edilib. 13 yeni regional məhkəmələr yaradılıb, özəl ekspertiza fəaliyyəti təsbit
olunub, mediasiya institutu fəaliyyətə başlayıb. Məhkəmə infrastrukturu müasirləşdirilərək
yüksək hi-tech məhkəmələr yaradılıb, «Elektron məhkəmə» informasiya sisteminin
tətbiqi genişləndirilib, proseslərdə video-konfrans və elektron icraat, habelə
məhkəmə rüsumlarının diferensiasiyası tətbiq edilib. Vahid məhkəmə təcrübəsinin
formalaşdırılması məqsədilə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına
dair Qaydalar qəbul olunub.
Eyni zamanda
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş yeni
Qaydalar hakim kadrlarından daha səmərəli istifadəyə rəvac verib.
İclasda 2022-ci
ildə Şura tərəfindən 100-dən çox hakimin fəaliyyətinin həmin Qaydalara uyğun
prinsipial qiymətləndirildiyi, 30 nəfər yeni nəsil hakimin ali və apellyasiya məhkəmələrinə
irəli çəkildiyi, 50 məhkəmə sədri vəzifələri üzrə təyinatlar aparıldığı
bildirilib. 4 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinin
vaxtından əvvəl xitam edildiyi, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay
vaxt verildiyi qeyd olunub.
Bu sahədə məqsədyönlü
fəaliyyətin nəticəsidir ki, yuxarı instansiya məhkəmələrinin tərkibinin əksəriyyəti,
habelə bütün kollegiya və apellyasiya məhkəmələrinin sədrləri təzələnib, fəaliyyətində
dönüş yarada bilməyən bir sıra hakimlər bu məhkəmələrdən kənarlaşdırılıb.
Eyni zamanda Fərmanla
ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər
davam etdirilərək, hakimlərin seçim proseduru təkmilləşdirilməklə fasiləsiz
aparılan şəffaf seçim nəticəsində 123 nəfər, o cümlədən Şuranın ötən il verdiyi
təqdimatlar əsasında 79 nəfər hakimliyə namizəd müxtəlif hakim vəzifələrinə təyin
olunublar. 270 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.
Yeni təyin edilən
hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar, 50%-ə qədərini isə
qadınlar təşkil edir. Bu da ölkəmizdə gender prinsiplərinin qorunmasına,
qadınların ictimai həyatda fəal iştirakına dəlalət edir.
Bütün hakim
korpusunun 80%-dən çoxunu məhz bu mütərəqqi üsullarla seçilərək təyin olunmuş
hakimlər təşkil edir.
İclasda məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi üzrə tədbirlərin, həmçinin məhkəmələrdə baxılan işlərin
keyfiyyətinə müsbət təsiri, təmin edilən iddiaların sayının və yekun məhkəmə qərarlarının
stabilliyinin artdığı qeyd olunub, bu sahədə islahatlarımızın nüfuzlu beynəlxalq
təsisatlar tərəfindən də təqdir edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki,
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ)
hesabatlarına əsasən, Azərbaycan məhkəmələrin səmərəlilik göstəricilərinə görə
bir çox inkişaf etmiş Avropa dövlətlərini, o cümlədən Fransa, Almaniya,
Danimarka, İsveç, Lüksemburq və digər ölkələri qabaqlayıb, məhkəmələrdə işlərə
baxılması tezliyinə və informasiya texnologiyalarının geniş tətbiqinə görə ölkəmiz
orta Avropa rəqəmlərini xeyli üstələyib, İT-nin inkişaf səviyyəsinə görə 49 ölkə
sırasında 14-cü yerdə qərarlaşıb.
Həmçinin, hakimlərin
məsuliyyət hissinin artırılmasının daim diqqətdə saxlanıldığı, bu sahədə qəti tədbirlərin
görüldüyü, o cümlədən ötən il korrupsiyaya şərait yaradan hallara və digər
pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 2
nəfərin tutduğu vəzifədən azad olunduğu bildirilib.
Məhkəmələrdə
qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin
aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və
vətəndaşların qəbulunun aparıldığı, Şuranın “Qaynar Xəttinə” daxil olan aidiyyəti
müraciətlər araşdırılmaqla vətəndaşların haqlı narazılığını doğuran pozuntulara
yol verdiklərinə görə ötən il 160-dan çox hakimin rəsmi xəbərdar edildiyi diqqətə
çatdırılıb. Qeyd olunub ki, bütün bunlar onların fəaliyyətlərinin qiymətləndirilməsində
nəzərə alınıb, təkrar pozuntulara görə intizam icraatları başlanılıb.
Şurada dövlət
başçısının məhkəmə fəaliyyəti ilə bağlı tövsiyə və çağırışları diqqətə
çatdırılaraq məhkəmələrin insanlar üçün əlçatanlığının, məhkəmə prosesinin
çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində
qabaqcıl İKT-nin və süni intellektin tətbiqi, bu texnoloji yeniliklərdən insan
hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi ilə bağlı vəzifələrə
toxunulub.
Şura üzvü, Ali Məhkəmənin
sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və şəffaflıqla
bağlı tələblərin daim rəhbər tutulmasının vacibliyini bildirib, vahid məhkəmə təcrübəsinin
tətbiqi, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi üzrə tədbirləri qeyd
edib.
İclasda 2023-cü
ilin “Heydər Əliyev İli” elan olunması ilə xüsusilə əlamətdar olduğu
vurğulanaraq müasir məhkəmə-hüquq sistemimizin müəllifi, Ümummilli Lider Heydər
Əliyevin 100 illiyinin məhkəmələrdə qeyd olunması ilə bağlı əməli köməklik göstərilməsinə
dair müvafiq tapşırıqlar verilib.
Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması, habelə işğaldan azad edilmiş ərazilərdə ədalət mühakiməsi işinin təşkili ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
2023-02-22