Akademik Zərifə Əliyevanın 100 illiyi Ədliyyə Nazirliyində geniş qeyd olunub
Əməkdar elm
xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100
illiyi ilə bağlı ədliyyə orqanlarında silsilə tədbirlər keçirilir.
Bu münasibətlə
nazirlik tərəfindən görkəmli oftalmoloq-alimin işıqlı xatirəsinə həsr olunan
geniş konfrans keçirilib, yeni xatirə guşələri, saytda ayrıca bölmə yaradılıb,
filmlər, foto-video slaydlar nümayiş etdirilib, mediada və sosial şəbəkə
hesablarında məlumatlar paylaşılıb, Ədliyyə Akademiyasında nazirliyin tibb xidmətinin
əməkdaşları üçün xüsusi mühazirələr oxunub.
Milli
Oftalmologiya Mərkəzinin həkim mütəxəssisləri tərəfindən nazirliyin əməkdaşları,
ədliyyə orqanlarında çalışan Vətən müharibəsi iştirakçıları və onların ailə
üzvləri üçün səyyar ixtisaslı oftalmoloji yardım həyata keçirilib, qanvermə
aksiyası təşkil olunub.
Yubiley münasibətilə
nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək akademik Zərifə
Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunaraq dərin ehtiram
bildirilib.
Keçirilən tədbirlərdə
görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə
xanımın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyi, ölkəmizdə
tibb sahəsinin, oftalmologiyanın inkişafına mühüm töhfələr verdiyi, yüksək
ixtisaslı tibbi kadrlar yetişdirdiyi qeyd olunub.
Zərifə xanımın sədaqətli
ömür-gün yoldaşı kimi ümummilli lider Heydər Əliyevə daim ən yaxın silahdaş
olduğu bildirilib, Azərbaycana İlham Əliyev kimi dünya şöhrətli siyasi və dövlət
xadimi, Müzəffər Ali Baş Komandan bəxş etdiyi vurğulanıb.
Bildirilib ki, şərəfli
həyat yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunə olan akademikin nurlu
xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Zərifə Əliyevanın doğum günündə cəmiyyətin həssas qrupu olan qadın məhkumlar üçün cəzaçəkmə müəssisəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə mədəni proqram təşkil olunub, müəssisənin qarşısında xatirə bulağı istifadəyə verilib.
2023-04-29