31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNÜN YAD EDİLMƏSİ İLƏ BAĞLI ƏDLİYYƏ AKADEMİYASINDA TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycanlıların soyqırımı gününün yad edilməsi ilə bağlı Ədliyyə Akademiyasında  ixtisasartırma kurslarında iştirak edən dinləyicilərin iştirakı ilə tədbir keçirilmişdir.

 

Tədbirdə qeyd etmişdir ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

 

 

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

 

 

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

 

 

Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.

 

 

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, Irəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

 

 

Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

 

 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ümummilli lider  Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

 

 

1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələr, onların  nəticələri heç vaxt unudulmayacaq.

 

Tədbirdə dinləyicilər üçün soyqırımla bağlı hazırlanmış sənədli film nümayiş etdirilmişdir.

 

2015-03-31

Paylaş: