“Mobil notariat” tətbiqinin istifadəçilərinin sayı 500.000-i keçdi
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha asan, rahat və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir.
2019-cu ildə
Ədliyyə Nazirliyi tərəfindən yaradılaraq istifadəyə verilmiş və böyük vətəndaş
məmnunluğu doğuran “Mobil notariat” tətbiqi insanların mülki hüquq münasibətlərinin
həllini xeyli asanlaşdırmış, notariat hərəkətlərinin məsafədən, bilavasitə
notariat ofisinə müraciət etmədən rəsmiləşdirilməsinə əlverişli imkan
yaratmışdır.
Mobil cihazlara
“AppStore” və ya “Google Play” satış platformalarından asanlıqla yüklənə bilən
“Mobil notariat” ən populyar tətbiqlər sırasındadır və təsadüfi deyil ki,
informasiya texnologiyaları sahəsində Azərbaycanın İnternet Mükafatı olan NETTY
tərəfindən bu innovasiya "Dövlət və cəmiyyət" nominasiyası üzrə
2022-ci ilin ən yaxşı tətbiqi seçilmişdir.
Hazırda mobil tətbiq
vasitəsilə müxtəlif növ etibarnamələrin (avtomobillərin idarə edilməsi
və sərəncam verilməsi, banklarda və müxtəlif qurumlarda təmsilçilik, vərəsəlik
işləri, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı, həmçinin sosial, vəkillərə
verilən etibarnamələr) və ərizələrin (yetkinlik yaşına çatmayan
şəxslərin ölkə ərazisini tərk etməsi və ümumvətəndaş pasportu alması üçün
valideynlərinin yazılı razılıq, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar
mülkiyyətçinin razılıq, həmçinin etibarnamələrə xitam verilməsinə, daşınmaz əmlaka
sərəncam verilməsinə, əvvəl verilmiş ərizədən imtinaya, təhsil-tələbə
kreditinin verilməsinə dair ərizələr) elektron qaydada rəsmiləşdirilməsi
mümkündür.
Qeyd olunmalıdır
ki, tətbiq vasitəsilə gündəlik mindən artıq notariat hərəkətləri rəsmiləşdirilir
və artıq onun istifadəçilərinin sayı 500.000-i ötmüşdür. Ölkə vətəndaşları, eləcə
də daimi və ya müvəqqəti yaşamaq icazə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər
24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən
yararlana bilirlər.
Elektron qaydada
rəsmiləşdirilmiş sənədləri telefon vasitəsi ilə aidiyyəti üzrə təqdim və ya
nümayiş etdirmək, habelə kağız daşıyıcıya çap edərək istifadə etmək mümkündür.
Elektron müraciətlər qanunvericiliyə əsasən müraciət edənin iradəsini əks etdirən
video və audio materiallar əsasında ən gec 5-10 dəqiqə ərzində notariuslar tərəfindən
təsdiq olunur və bu barədə vətəndaşın mobil cihazda şəxsi kabinetinə dərhal
bildiriş göndərilir.
Bundan əlavə tətbiq
vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş
QR-kod və barkod əsasında yoxlanılması mümkündür. Vərəsəlik işlərinin
açılıb-açılmaması barədə məlumatın əldə edilməsi göstərilən xidmətlər
sırasındadır.
“Mobil notariat”
istifadəçisi özünün bütün notariat əməliyyatları ilə bağlı sənədlərini həmin tətbiqdə
saxlaya, sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal ala və elektron
versiyasından istifadə edə bilər.
Həmçinin tətbiq
vasitəsilə respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və
notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü
nəzərdən keçirmək mümkündür. Burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi
üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında
iştirak etməli şəxslər barədə ətraflı məlumatlar da yerləşdirilmişdir.
İctimaiyyətin
artan marağı nəzərə alınaraq “Mobil notariat”ın funksionallığı daim genişləndirilir,
əməliyyat proseduru baxımından daha mürəkkəb, o cümlədən iki və daha çox tərəfin
iştirakını nəzərdə tutan notariat hərəkətlərinin rəsmiləşdirilməsi imkanları
yaradılır.
“Mobil notariat” tətbiqinin alt-sistemi kimi istifadəyə verilmiş “Mobil əhali” tətbiqi də həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımıza smart texnologiya vasitəsilə məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun və ölümün elektron qaydada qeydə alınmasını, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışların daha tez və rahat şəkildə əldə olunmasını təmin edir.
2023-03-17