“Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib
Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən
Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə
aprelin 12-də nazirliyin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli
özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib.
Tədbirdə ədliyyə
nazirinin müavini Vilayət Zahirov və nazirliyin məsul işçiləri, Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin
sədri Tahir Rzayev və deputatlar, Azərbaycan bələdiyyələrinin milli
assosiasiyaları, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin professor-müəllim
və tələbə heyəti, Mediasiya Şurasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında
İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri
iştirak ediblər.
Əvvəlcə Ümummilli
Liderin əziz xatirəsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir
dəqiqəlik sükutla yad edilib.
Konfransı açan ədliyyə
nazirinin müavini Vilayət Zahirov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik
irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz
qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin möhkəmləndirilməsində
xilaskarlıq missiyasını vurğulayıb. Bildirib ki, demokratik hüquqi dövlətin
möhkəm təməlini qoyan Ulu Öndər azad cəmiyyətin əsasını təşkil edən yerli
özünüidarəetmənin banisidir. Azərbaycan üçün ən gənc təsisat olan yerli
özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli Liderin müəllifi olduğu
Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin
təsis edilməsi ilə başlanıb.
Ulu Öndərin
ideyalarına uyğun olaraq yerli özünüidarəetmə fəaliyyətinin Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına
uyğun olaraq təkmilləşdiyini bildirən V.Zahirov müasir üsul və vasitələrdən
istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi
üçün inzibati nəzarət, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi
keçirilən profilaktik və maarifləndirmə tədbirlərini qeyd edib, bu sahədə
Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunub.
“Ötən dövrdə bir
milyona yaxın bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, profilaktik tədbirlərin
gücləndirilməsi və hüquqi maarifləndirmənin yaxşılaşdırılması məqsədilə bələdiyyələrə
75 mindən çox tövsiyə göndərilib, 90 min bələdiyyə üzvü və qulluqçusu Ədliyyə
Akademiyasında və digər qurumlarda təşkil edilmiş maarifləndirmə tədbirlərinə cəlb
olunub, bələdiyyələr üçün 300 metodik vəsait hazırlanıb”, - deyən nazir müavini
yerli özünüidarəetmənin inkişafı sahəsində aidiyyəti dövlət qurumları və beynəlxalq
təşkilatlarla, xarici ölkələrin bələdiyyələri ilə səmərəli əməkdaşlığı qeyd
edib.
Nazir müavini
torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə həmin ərazilərdə yerli
özünüidarəetmənin təşkilinin mümkünsüz və bir milyondan artıq soydaşımızın
özünüidarəetmə hüququndan məhrum olduğunu bildirib, Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə
işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyini xüsusi vurğulayıb. Azad
edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq
işlərinin aparıldığıni diqqətə çatdırıb.
Bildirilib ki,
yerli əhalinin rifahı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak edən bələdiyyələr
də Vətən müharibəsi və sonrakı dövrdə səmərəli fəaliyyətləri ilə seçilirlər. Ötən
müddətdə bələdiyyələr tərəfindən Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin
yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri həll edilib, həmçinin
şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və
abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilmiş, onların
yaşadıqları evlər və küçələr abadlaşdırılıb.
Sonra Ümummilli
Lider Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.
Ədliyyə Nazirliyi
İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın
moderatorluğu ilə davam edən konfransda Milli Məclisin Regional məsələlər komitəsinin
sədri Siyavuş Novruzov “Yerli özünüidarəetmənin qanunvericilik əsasları”
mövzusunda çıxış edib. Siyavuş Novruzov deyib ki, müstəqil Azərbaycanın
qurucusu, xalqımız qarşısında xüsusi xidmətləri olan Ümummilli Lider Azərbaycan
dövləti və gələcəyi üçün böyük addımlar atıb. Bu addımlar hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Lider fəaliyyəti
dövründə həmişə Azərbaycan xalqının və dövlətinin maraqlarını hər şeydən üstün
tutub. Bu gün biz qətiyyətlə deyirik ki, Heydər Əliyev Azərbaycan
konstitusiyasının banisidir. Yerli özünüidarəetmənin qanunvericilik əsasları məhz
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin səyi nəticəsində
yerli özünüidarəetmə strukturu Azərbaycan Respublikasının Konstitusiyasına
salınıb, Konstitusiya vasitəsi ilə tənzimlənir.
“Milli Məclis ötən
dövrdə yerli idarəetmənin formalaşması və fəaliyyəti ilə əlaqədar 25-dən çox
qanun qəbul edib. Mütəmadi olaraq qanunların təkmilləşdirilməsi və mövcud
iqtisadi, siyasi və digər proseslərə uyğunlaşdırılması ilə əlaqədar yeni
qanunlar qəbul olunur və yaxud əlavə və dəyişiklər edilir. Bələdiyyələrin idarə
olunması, onların həyata keçirdiyi layihələrin təmin olunması ilə əlaqədar
mühüm işlər görülür. Bələdiyyələrin fəaliyyəti getdikcə tənzimlənir və nümunəvi
bələdiyyələr ortaya çıxır. Ədliyyə Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin bu
sahədə böyük əməyi var. Belə ki, həm qanunvericilik, həm müxtəlif əsasnamələrlə,
tövsiyələrlə, eyni zamanda, bələdiyyə qərarlarının qanunlara
uyğunlaşdırılmasında, bələdiyyə torpaqlarının verilməsindəki problemlərlə əlaqədar
məsələlər aradan qaldırılır və qanunvericiliyə dəstək göstərilir. Milli Məclis
olaraq bələdiyyələrə problemlərinin aradan qaldırılmasında dəstək olmağa
çalışırıq”, - komitə sədri söyləyib.
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti
ilə bağlı tədbirlər Ümummilli Liderimizin ölməz zəngin irsini təbliğ etmək
baxımından vacibdir. Azərbaycan üçün son 50 ilin hər birində Ulu Öndər Heydər
Əliyevin zəhməti var. Ümummilli Liderin zəkası, düşüncələri bizi həmin illərdə
uğura aparıb. Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən etibarən Azərbaycanı
çox çətinliklərdən xilas edib, ona görə də xalqımız onu xilaskar kimi qəbul
edir. Deputat, həmçinin Ulu Öndərin yerli özünüidarəetmənin yaranması,
formalaşmasındakı rolundan danışıb. Qeyd edilib ki, Ədliyyə Nazirliyi, Milli Məclisin
Regional məsələlər komitəsi bələdiyyələrin fəaliyyətinə dəstək göstərir.
Konfransda, həmçinin
nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənovun “Yerli
demokratik ideyalara işıq tutan Heydər Əliyev irsi”, Azərbaycan Şəhər Bələdiyyələri
Milli Assosiasiyasının sədri Təmraz Tağıyevin “Yerli özünüidarəetmədə assosiasiyaların
rolu, bələdiyyələrə dövlət qayğısı”, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın
üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin
“Yerli özünüidarəetmədə ictimai iştirakçılıq”, Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin
sədri Yafo Yedadayevanın “Dövlətimizin gender siyasətinin yerli özünüidarəetmədə
təcəssümü” mövzusunda çıxışları dinlənilib, maraqlı müzakirələr aparılıb.
Tədbirdə Ədliyyə
Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanmış və səmərəli yerli
özünüidarəetmə fəaliyyətinə töhfə olan “Bələdiyyələrlə iş portalı”nın təqdimatı
olub.
Bələdiyyələrin fəaliyyətində
səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün
açıq olan faydalı bölmələr, o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin
tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər
bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s.
barədə məlumatlar yerləşdirilib.
Eyni zamanda
portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər –
metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə
aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə
şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib
etmək imkanı yaradır.
Təqdimat zamanı portalın funksional imkanları əyani nümayiş etdirilib, onun ictimaiyyət və bələdiyyələr üçün faydası qeyd olunub.
2023-04-12