“Ədalət mühakiməsinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda tədbir keçirilib
Milli dövlətçiliyimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin
anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən
elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən
Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə
nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində “Ədalət mühakiməsinin inkişafında
Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda tədbir və Ümummilli
Liderin çoxşaxəli fəaliyyətinə dair kitab sərgisi keçirilib. Sərgidə dahi şəxsiyyətin
həyat və fəaliyyətinə dair yerli və xarici müəlliflərin qiymətli vəsaitləri
nümayiş etdirilib.
Tədbiri açan ədliyyə
nazirinin müavini Eldar Nuriyev xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər
Əliyevin hüquqi islahatların həyata keçirilməsində misilsiz xidmətləri barədə
geniş məlumat verib. Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın qəbulu, hüquq
sisteminin mahiyyətini müəyyən edən qanun və normativ aktların hazırlanması,
eyni zamanda insan hüquqlarının müdafiəsinə etibarlı təminat verən müstəqil məhkəmə
sisteminin fəaliyyətə başlaması qeyd edilib.
Bununla yanaşı
hüquq-mühafizə orqanlarında da mütərəqqi islahatların aparıldığı, onların fəaliyyətinin
demokratik dəyərlərə uyğun qurulduğu, insan haqlarının müdafiəsinə dair mühüm
normativ aktların qəbul olunduğu bildirilib.
Mərkəzin rəis əvəzi
Rahim Rəhimov tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa
qarşı mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin yaranması
tarixindən bəhs edərək müasir ekspertizanın formalaşmasında Ulu Öndərin rolu
barədə məlumat verib.
Eyni zamanda Mərkəzin
rəis müavini Hüseyn Əlixanov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik
irsi, ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz
qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin möhkəmləndirilməsində
xilaskarlıq missiyası ilə bağlı çıxış edib.
Tədbirdə Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində
Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyi xüsusi
vurğulanıb. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və
respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə
sürətli bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Sonda Ümummilli Liderin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.
2023-04-25