Əlcəzair ölkəmizlə hüquqi sahədə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin
ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda
Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Ali Məhkəməsinin sədri Tahar
Mamuni ilə fevralın 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət
Məmmədovun görüşü keçirilib.
Görüşdə yubiley tədbirinin
məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsi və müsbət təcrübələrin
mübadiləsi baxımından əhəmiyyəti qeyd olunub.
Nazir ölkələrimiz
arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafını
vurğulayaraq bu əlaqələrin möhkəmlənməsində ölkə Prezidenti cənab İlham
Əliyevin və Əlcəzairin Prezidenti cənab Abdelmacid Tebbunun xüsusi rolunu, ölkəmizin
başçısının ötən il Əlcəzairə səfərini və Ərəb Dövlətləri Liqasının Sammitində Fəxri
qonaq statusunda iştirakını qeyd edib, beynəlxalq təşkilatlar, o cümlədən BMT,
İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığa
toxunaraq cari ilin martında Bakıda dövlət başçılarının iştirakı ilə Qoşulmama
Hərəkatının COVID-19 pandemiyası ilə bağlı Sammitinin keçiriləcəyini diqqətə
çatdırıb.
Əlcəzairə səfərini
xatırladan nazir bildirib ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında
imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu dövlətlərarası ilk sənəd
olmaqla əlaqələrin dərinləşdirilməsinə təkan verərək bir sıra digər dövlətlərarası
sənədlər, o cümlədən cinayət törətmiş şəxslərin ekstradisiyası haqqında müqavilə
imzalanıb və səmərəli icra olunur.
Azərbaycana səfərindən
məmnunluğunu ifadə edən T.Mamuni səmimi qonaqpərvərliyə görə minnətdarlığını
bildirib, səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə rəvac
verəcəyini söyləyib. Azərbaycanın Əlcəzair üçün qardaş ölkə olduğunu vurğulayan
qonaq respublikamızın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərini təqdir
edib, iki ölkə arasında hüquqi əlaqələrin inkişafında maraqlı olduğunu
bildirib. Ölkəsində məhkəmə-hüquq sistemində aparılan islahatlara toxunaraq
nümayəndə heyətlərinin mübadiləsinin və yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini
vurğulayıb.
Söhbət zamanı
xalqlarımızın azadlıq və müstəqillik uğrunda keçdiyi keşməkeşli yoldan bəhs
olunub, müstəmləkəçiliyə məruz qalmış Əlcəzair xalqına qarşı kütləvi zorakılıq
törədildiyi bildirilib, Azərbaycan xalqının da işğalçılıq, etnik təmizləmə
siyasəti ilə üzləşdiyi vurğulanıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın uzun illər Ermənistan tərəfindən işğalına son qoyulduğu diqqətə çatdırılıb. Azad edilmiş torpaqlarımızın sürətli bərpasına, ərazilərimizin Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq bununla bağlı hazırlanmış xüsusi broşür qonağa təqdim edilib.
2023-02-13