Ədliyyə Nazirliyi tərəfindən akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan konfrans keçirilib
Azərbaycanın görkəmli
alimi, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100
illiyi münasibətilə dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncama müvafiq
olaraq yubiley tədbirləri çərçivəsində aprelin 19-da Ədliyyə Nazirliyi Tibb baş
idarəsinin təşkilatçılığı ilə “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda
konfrans keçirilib.
Tədbirdə Ədliyyə
Nazirliyinin rəhbər və məsul əməkdaşları, tibb işçiləri, Milli Məclisin
deputatları, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Milli
Oftalmologiya Mərkəzinin, Vəkillər Kollegiyasının təmsilçiləri, Ədliyyə
Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti
institutları, media nümayəndələri iştirak ediblər.
Konfransda
akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə, nurlu xatirəsinə işıq salınaraq
tibb elminin inkişafında əvəzsiz xidmətləri qeyd olunub, mənalı ömür yoluna həsr
olunan film nümayiş etdirilib.
Çıxış edən Milli
Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü Əhliman Əmiraslanov bütün insanlar üçün örnək olan Əziz Əliyevin ailəsində
dünyaya göz açan Zərifə xanımın gözəl və təvazökar insan, istedadlı mütəxəssis-alim
kimi yetişməsində ailə mühitinin son dərəcə mühüm rol oynadığını qeyd edib və
görkəmli oftalmoloqun Azərbaycan elmini dünyada təmsil edən çox böyük şəxsiyyətlərdən
olduğunu vurğulayıb.
Bildirib ki, Zərifə
Əliyevanın həyat və fəaliyyəti ilə tanış olduqda onun, hələ gənc yaşlarında
oftalmologiyanın ən çətin və ən az təhlil olunmuş sahələrinə maraq göstərdiyini
görürük. O, bu sahədə böyük uğurlara imza atıb, özündən sonra elmi məktəb
yaradıb və bu məktəb hazırda onun adını daşıyan Oftalmologiya Mərkəzində uğurla
davam etdirilir.
Ədliyyə Nazirliyi
Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev görkəmli oftalmoloq-alimin gözün
traxoması, eləcə də professional xəstəliklərinin müalicəsi və profilaktikasında
əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib, böyük bir nəsil həkim-oftalmoloqlar
yetişdirmiş, insanlara nur və həyat bəxş edən Zərifə xanımın əziz xatirəsinin
Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.
Sonra Milli Məclisin
deputatı Məlahət İbrahimqızı, Tibb Universitetinin Oftalmologiya kafedrasının
müdiri Paşa Qəlbinur, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Yazgül
Abdiyeva çıxış ediblər.
Konfransda görkəmli
alimin peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, sanballı tədqiqatları ilə
tibb elminin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin
hazırlanmasında əvəzsiz rolundan danışılıb. Zərif və nəcib insan Zərifə
Əliyevanın yüksək mənəvi keyfiyyətləri, səmimiliyi və humanistliyi, ailəcanlılığı
və insanlara qayğıkeş münasibəti ilə ürəkləri fəth etdiyi vurğulanıb.
Xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi dünya şöhrətli
siyasətçinin ən yaxın silahdaşı missiyasını şərəflə yerinə yetirdiyi, qəlblərində
daim Azərbaycan sevgisi yaşayan, Vətənimizin qüruru sayılan övladlar
yetişdirdiyi, dövlətimizə, xalqımıza Prezident İlham Əliyev kimi müzəffər Ali
Baş komandan bəxş etdiyi xüsusi qeyd olunub.
Azərbaycan gənclərinin
yollarına işıq saçan akademik Zərifə Əliyevanın irsindən indiki və gələcək nəsillərin
hər zaman lazımınca bəhrələnəcəyi, elmin yeni zirvələrini inamla fəth edəcəyi
bildirilib.
Sonra tədbir Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib.
2023-04-19