Ədliyyə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Fevralın 6-da ədliyyə naziri Fikrət Məmmədov Macarıstanın Azərbaycandakı səfiri
Tamaş Yojef Torma ilə görüşüb.
Azərbaycan və
Macarıstan arasında dərin tarixi köklərə malik əlaqələrdən bəhs edən nazir əməkdaşlığımızın
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlətimizin başçısı cənab İlham
Əliyevin və Macarıstanın Baş naziri cənab Viktor Orbanın dostluq münasibətlərinin
və qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayıb, əlaqələrimizin geniş
müqavilə-hüquq bazasına əsaslandığını, o cümlədən Ədliyyə nazirlikləri arasında
əməkdaşlığa dair Memorandum imzalandığını bildirib.
Ölkələrimiz və
xalqlarımız arasında əlaqələrin surətlə inkişafı etdiyini bildirən səfir Azərbaycan
Prezidentinin Macarıstana yenicə səfərini, ölkə rəhbərliyi ilə, o cümlədən uzun
illərdən bəri dostluq münasibətlərində olduğu Baş nazir ilə səmimi görüşünü
qeyd edərək, əməkdaşlıq üçün geniş imkanların açıldığını vurğulayıb. Qonaq iki
ölkə arasında dialoqun və təcrübə mübadiləsinin tərəflər üçün faydasını qeyd edərək,
əlaqələrin dərinləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Nazir ötən il
diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu vurğulayıb, hüquqi əməkdaşlıqdan
bəhs edərək ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin
önəmi barədə danışıb, hər iki dövlətin iştirak etdiyi Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığa toxunub və Türkiyədə çoxsaylı insan tələfatı və
dağıntılarla nəticələnən zəlzələnin baş verməsini kədərlə ifadə edib.
Görüşdə Vətən
müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad olunduğu, bununla 100 illiyini
qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin ən ümdə vəsiyyətinin reallığa
çevrildiyi vurğulanıb. Torpaqlarımızın sürətli bərpasından, ərazilərimizin Ermənistan
tərəfindən büsbütün minalanmasından bəhs olunaraq, bununla bağlı hazırlanmış
xüsusi broşür qonağa təqdim edilib, minatəmizləmə prosesində Macarıstanın dəstəyi
qeyd olunub.
Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
2023-02-06