Ədliyyə işçilərindən və hakimlərdən qardaş Türkiyəyə dəstək
Fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş və ətraf vilayətlərində baş
vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk
saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin
fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu
istiqamətdə ölkəmiz tərəfindən hər cür, o cümlədən axtarış-xilasetmə və tibbi
köməklik göstərilir, soydaşlarımız yardım kampaniyasına qoşularaq əlindən gələni
əsirgəmirlər. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən
humanitar yardımlar edilir.
Ədliyyə Nazirliyi
də dövlətimiz və xalqımızla birgə qardaş ölkənin bu acı günlərində yanında
olaraq Türkiyənin Ədliyyə Nazirliyinə, Azərbaycandakı Səfirliyinə başsağlığı
diləklərini çatdırıb.
Qardaşlıq və
dostluğumuzun, sarsılmaz və əbədi həmrəyliyimizin təcəssümü olaraq zəlzələ
qurbanlarına dəstək göstərməyi özlərinə mənəvi borc hesab edən ədliyyə işçiləri,
həmçinin apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri könüllü
olaraq əmək haqlarından 505 min manat vəsaiti Türkiyə Cümhuriyyəti Daxili İşlər
Nazirliyinin Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Şöbəsinin (AFAD) hesabına
köçürüblər.
Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, xəsarət alanlara tezliklə şəfa tapmasını arzulayırıq. Qardaş Türkiyə, səninləyik!
2023-02-13