ƏDLİYYƏ AKADEMİYASINDA ÖDƏNİŞSİZ HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİ BARƏDƏ KONSEPSİYANIN İCTİMAİ MÜZAKİRƏSİ KEÇİRİLİB


Martın 13-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Azərbaycan Hüquqlar Konsorsiumunun və Azərbaycan Hüquq İslahatları Mərkəzinin birgə təşkilatçılığı iləAzərbaycandakı ödənişsiz hüquqi yardımın göstərilməsi barədə konsepsiyanın ictimai müzakirəsi keçirilib. Femida.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycan Hüquqşunasları Konfederasiyasının (AHK) sədri, millət vəkili Əli Hüseynli, Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya və İdarəçilik ofisinin direktoru Ronald Glass, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açıb.

Daha sonra Azərbaycan Hüquqları Konsorsiumunun üzvü Sahib Məmmədov “Ödənişsiz hüquqi yardım haqqında” işçi qrupun gördüyü işlər barədə danışıb.

Tədbirdə həmçinin deputat, AHK İdarə Heyətinin üzvü Fazil Mustafa, deputat Çingiz Qənizadə, hüquq müdafiəçisi Səadət Bənənyarlı, Azərbaycan Hüquq İslahatları Mərkəzinin İdarə Heyətinin üzvü Mehman Sultanov, həmin Mərkəzin hüquqşünası Fərhad Nəcəfov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov və başqaları çıxış edərək konsepsiya ilə bağlı fikirlərini bildiriblər. Maraqlı diskussiya şəraitində keçən görüşün sonunda bu mövzuda müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

2013-03-13

Paylaş: